Gross əmək haqqından vergilər və digər ayırmaları hesablanması qaydası çox sadədir. Praktiki misal üzərində bu mövzunu izah edək.
Əmək haqqının hesablanması ilə məşğul olan mühasib may ayının əmək haqqını hesabalayarkən Kadrlarşöbəsindən işə qəbulla əlaqədar ştat cədvəlində iki nəfər işçi sayının artıq olduğunu görür. Vakant olan Anbardar və Satış müdiri vəzifəsinə qəbul edilən işçinin aylıq müqavilə üzrə gross əmək haqqı məbləği 500 və 3150 AZN olduğunu aşkar etmişdir. Net əmək haqqı məbləğini hesablayaq.
Bildiyimiz kimi vergi tutulan aylıq gəlirin məbləği 2500 AZN-ə kimi olduqda gəlirdən tutulan vergi məbləği 14%, 2500 AZN-dən çox olduqda isə 2500 AZN-ə kimi olan hissənin 14%-i və 2500 AZN-dən çox olan məbləğin isə 25%i əmək haqqından tutulur. Bundan əlavə fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 AZN-ə kimi olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli (2016-cı il üçün 136 AZN nəzərdə tutulub) vergi tutma bazasından azaldılır.
Yuxarda qeyd etdiyimiz məqamlara nəzər yetirsək görərik ki, 500 AZN birinci şkalaya, 3150 AZN isə 2-ci şkalaya tam uyğundur. Deməli, maaşdan tutulmalar aşağıdakı kimi olacaqdır.
Gəlir vergisi – 500*14%=70 AZN,
DSMF – 3%: 500*3%=15 AZN
Beləliklə, 500 AZN gross əmək haqqı alan anbardarın xalis əmək haqqı 415 AZN (500-70-15)=415 AZN olaraq hesablasaq, böyük səhvə yol vermiş olarıq. Çünki Vergi Məcəlləəsinin 102.1.6 maddəsin heç vaxt unutmamalıyıq. Məcəllədə qeyd edilir ki,
“Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 AZN-ə kimi olduqda(yəni 1 ci şkala), ölkə üzrə yaşayış minimumunun 1 misli(2016-cı il üçün 136 AZN nəzərdə tutulub) vergi tutma bazasından azaldılır”.
Qanunvericilikdə yuxarıda göstərilən maddəni nəzərə alsaq, 500 AZN gross əmək haqqı alan anbardarın nə qədər xalis əmək haqqı aldığını yenidən hesablayaq:
Gəlir vergisi -(500-136)*14%=50.96 AZN
DSMF – 500*3%=15 AZN
yəni 136 AZNın 14% ( 19.04 AZN) vergi güzəşti edilir.
Beləliklə, 500 AZN gross (ümumi) əmək haqqı alan anbardarın xalis əmək haqqısının 434.04 AZN (500-50.96-15) olduğunu görərik.
Eyni qayda ilə, 3150 AZN gross əmək haqqı alan Satış müdirinin net əmək haqqı məbləğini hesablayaq.
Gəlir vergisi – (3150-2500)*25%+2500*14%=512.50 AZN
DSMF – 3150*3%=94.50 AZN
Beləliklə, 3150AZN gross (ümumi) əmək haqqı alan Satış müdirinin xalis əmək haqqı 2543 AZN (3150-512.50-94.50) AZN olduğu məlum olar.
Yuxarıdakı iki misal üzərində Gross (ümumi) əmək haqqı məbləğinə görə Net (Xalis) əmək haqqı məbləğinin tapılmasını həyata keçirdik.
Gəlin, indi də net əmək haqqı məbləğinə görə gross əmək haqqı məbləğini hesablayaq. Bu hissənin də daha anlaşılan olması üçün aşağıdakı nümunələrə nəzər salaq:
Əmək haqqı mühasibi işə qəbulla əlaqədar əmrlərlə ştat cədvəlini müqayisə etdikdə may ayında qəbul edilən işçilərin əmək haqqında ştat cədvəlində texniki səhv olduğunu aşkar edir və məlum olur ki, qeyd edilənədədlər gross yox net əmək haqqı məbləği olmalıdır. Yəni, Anbardar 500 AZN, Satış müdiri isə 3150 AZN net əmək haqqı almalıdır. Deməli, net əmək haqqına görə gross əmək haqqı məbləğini hesablamalıyıq.
İlk öncə 1-ci şkalaya uyğun aşağıdakı kimi tənlik quraq
(500-(136*14%))/83%=X,
tənlikdə X-i tapsaq, nəticə aşağıdakı kimi olacaqdır.
(500-19.04)/83% = 579.47 AZN
Deməli, 500 AZN net əmək haqqı alması üçün Anbardara 579.47 AZN gross əmək haqqı ştat cədvəlində yazılmalıdır.
Eyni qayda ilə Satış müdirinin aldığı net əmək haqqı məbləğinə görə gross əmək haqqı məbləğini hesablayaq.
(3150-(2500*25%)+350)/72%=X
Tənlikdən X-i tapaq.
(3150-275)/72%=3993.06 AZN
Deməli, 3150 AZN net əmək haqqı alması üçün Satış müdirinə 3993.06 AZN gross əmək haqqı ştat cədvəlində yazılmalıdır.
Düstur | Net əmək haqqı (X) | Gross əmək haqqı | GV | DSMF |
(X-(2500*25%)+350)/72% | 3150 | 3,993.06 | 723.26 | 119.79 |
(X-(136*14%))/83% | 500 | 579.47 | 62.09 | 17.38 |
Qeyd edim ki, 83% 2500 AZN-ə kimi olan maaşın tutulmalar çıxıldıqdan sonra qalan hissəsidir. (100-14% gəlir vergisi – 3% DSMF), 72% isə 2500 AZN-dən çox olan maaşın tutulmalardan çıxıldıqdan sonra qalan hissəsidir (100%-25% gəlir vergisi-3% DSMF).
Bununla da bu yazımızda, gross və net əmək haqqının hesablanması mexanizmi ilə tanış olduq. Növbəti həftənin ikinci günü yayımlanacaq yazımda isə, bunun Exceldə tətbiqi haqqında yazacam.
Emin İsmayılova dəyərli vaxtını ayırdığına görə öz təşəkkürümü bildirir, işlərində uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkür edirik.
#BilikPaylashdiqcaArtar
Hiç yorum yok:
Yorum Gönder